Ağcabədi Rayon Məhkəməsi

Ağcabədi Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Ağcabədi rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Ağcəbədi Rayon Məhkəməsinin binası

 

Rayon haqqında qısa məlumat

“Ağcabədi” sözünün mənası “iri məskən” deməkdir (ağca-iri, badi-məskən, qəsəbə). Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan Eneolit, Tunc, Antik dövrlərə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları - Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir edildiyi güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbiristanlıqlarda rast gəlmək olur.

Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş və həmin tarixdə də Ağcabədi Rayon Xalq Məhkəməsi (indiki Ağcabədi Rayon Məhkəməsi) yaradılmışdır. Daha sonra 1963-cü ildə Ağcabədi rayonu ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur. Ağcabədi Azərbaycan Respublikasında 1939-1962-ci illərdə şəhər tipli olmuşdur. Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir. Rayonda 1 şəhər, 1 qəsəbə, 43 kənd var. Rayon Zərdab, Beyləqan, Füzuli, Bərdə, Ağdam, Xocavənd və İmişli rayonları ilə həmsərhəddir. Bakıdan 314 km məsafədə yerləşən Ağcabədinin ərazisi 17856 km², əhalisinin sayı isə 124 min 84 nəfərdir (04 iyul 2011). Ermənilərin işğalçılıq siyasəti nəticəsində Ağcabədi rayonunda 15.622 nəfər qaçqın və məcburi koçkün məskunlaşmışdır.